TB-3-ün mənzili nə qədərdir?| Ankara yenidən rəqiblərinə meydan oxuyur (ANALİZ)

2023/10/abd-b-10185699924.jpg
Oxunub: 23372     17:26     18 Oktyabr 2023    
Son illərdə yerli və milli Pilotsuz Uçuş Aparatlarında (PUA) nümayiş etdirdiyi performansla bu sahədə dünyaya liderlik edən ölkələrdən biri olan Türkiyə yaxın vaxtlarda ilk uçuşunu edəcək TB-3 ilə yeni dövrün qapısını açacaq.

Təxminən 1900 km mənzilə malik TB-3-ün aşkarlama, müşahidə, kəşfiyyat və zərbə sahələrində kritik nailiyyətlər təmin edəcəyi gözlənilir. PUA-lar Türkiyə müdafiə sənayesinin bu günə qədər istehsal etdiyi ən yüksək marka dəyərinə malik platformalardan biri kimi önə çıxır. Burada ən vacib element, şübhəsiz ki, bu platformaların bütün dünyada döyüş meydanındakı uğurudur.

Əslində, xüsusilə “Bayraktar TB-2” və “Anka-S”nin sahədə balansı dəyişdikdən sonra ən çox maraq doğuran mövzulardan biri də Ankaranın bu platformalardan daha yaxşısını istehsal edib-etməyəcəyi olub...

Bu nöqtədə “Baykar”ın “Akıncı Kızılelma” kimi layihələri işə sala bilməsi, TUSAŞ tərəfindən “Aksungur” və “Anka-3” kimi platformaların ortaya çıxması Türkiyənin bu sahədə sürətini azaltmadan yoluna davam edəcəyinin ən dəyərli işarələridir.


TB-3-ün ilk uçuşu üçün işlər tamamlanıb

Selçuk Bayraktar bu il təkcə İstanbulda deyil, Ankara və İzmirdə də keçirilən TEKNOFEST çərçivəsində layihələrlə bağlı sualları cavablandırıb. Bu nöqtədə ən diqqət çəkən detallardan biri TB-3-ün mənzilinin nüfuzlu şəxs tərəfindən ilk dəfə açıq şəkildə elan edilməsi idi.

Bayraktarın sözlərinə görə, TB-3-ün mənzili 1000 dəniz mili və ya təxminən 1900 kilometr olacaq. Bu mənzilin nə demək olduğuna keçməzdən əvvəl qısaca xatırladaq ki, ABŞ və İsrail də gəmidən qalxma-enmə icra edə biləcək zərbə tipli PUA üzərində işləyirlər.

Əslində, Selçuk Bayraktar bu prosesi belə izah edir: “Onlar da işləyirlər. Biz də. Biz TEKNOFEST-dən dərhal sonra ilk uçuşu etmək istəyirik. Görək birinci kim uğur qazanacaq”. İlk olaraq hansı platformanın havaya qalxacağını bilmirik. Hələlik bildiyimiz odur ki, TB-3-ün açıqlanan mənzili Türkiyə üçün çox vacibdir.


Yalnız PUA-ları düşünmək doğru olmaya bilər

Yerli və milli PUA-ların uğuru göz qabağındadır. Bununla belə, bütün prosesi yalnız bu platformalara yükləmək və əməliyyat zamanı digər platforma və ya sistemlərdən alınan dəstəyə məhəl qoymamaq pazlın parçalarını əskik buraxır.

Əslində, bəlkə də TB-3 və onun mənzili məsələsinə bu prizmadan baxmalıyıq. Burada TB-3-ün daşıyacağı faydalı yüklər, gələcəkdə atacağı sursatlar, TCG “Anadolu” başda olmaqla bəzi dəniz platformalarından havaya qalxma qabiliyyəti kimi təfərrüatlar diqqəti çəkir.


TB-3 Türkiyə üçün niyə vacibdir?

Sənayeni yaxından izləyən insanların demək olar ki, hamısı 1900 kilometr mənzil dəyərinin bu səviyyədəki PUA üçün çox yaxşı rəqəm olduğu qənaətindədir. Təbii ki, bu nöqtədə qeyd etdiyimiz təfərrüatlardan biri gündəmə gəlir və TCG “Anadolu”da yerləşdirilmiş TB-3-ün mənzil dəyərinin çox fərqli mənalar daşıdığı ortaya çıxır.

TCG “Anadolu”nun öz coğrafiyasında daşıdığı 1900 km mənzildə fəaliyyət göstərə bilən onlarla TB-3 hər hansı bir missiyada olarkən qərar qəbul edənlərə həm taktiki, həm də operativ baxımdan böyük rahatlıq verir.

TCG “Anadolu”, İ sinifi və ya “Ada” sinifi və bəlkə də önümüzdəki illərdə TF-2000 kimi dəniz platformaları... Bütün bunları birlikdə düşünsəniz, başda TB-3 olmaqla bu gəmilərə yerləşdiriləcək hava vasitələri bir çox müxtəlif missiyaları yerinə yetirə və kritik qazanclar təmin edə bilər.

TB-3 sahədə hansı faydalar gətirir?

Türkiyədə PUA-lar deyildikdə hücum gücü ön plana çıxsa da, bu vasitələrin əslində aşkarlama/müşahidə və kəşfiyyat üçün mükəmməl olduğu unudulmamalıdır. TB-3 sahib olduğu mənzillə çox geniş bir sahədə Türkiyəyə bu üstünlüyü təmin edəcək və Ankaranın son illərdə tez-tez vurğuladığı şəbəkə mərkəzli quruluş sayəsində əldə etdiyi bütün məlumatları anında müvafiq yerlərə köçürə biləcək. Bu, çox aydın bir taktiki mənzərənin formalaşmasına böyük töhfə verəcək.


Açıq dənizlərdə Türkiyə üçün böyük bir qazanc

Türkiyə üç tərəfdən dənizlərlə əhatə olunan və son illərdə konyukturaya görə Şərqi Aralıq dənizi və Liviya sahillərində daha çox bayraq nümayiş etdirən bir ölkədir. Burada ən mühüm məsələlərdən biri açıq dənizdə kəşfiyyat-aşkarlama və müşahidə işlərini əskiksiz icra edə bilməkdir.

TB-3 bu baxımdan son dərəcə vacibdir. Təhdidi uzaqdan müəyyən etmək və bunu 24 saat fasiləsiz olaraq havadan edə bilmək, şübhəsiz ki, Türkiyə üçün böyük qazancdır. Təkcə bunlar da deyil... Bu platformalar hədəf bölgədə müəyyən edilmiş dəniz imicinin yaradılması, aşkarlanan təmasların diaqnostikası, isti təmas və ya müharibə zamanı son mövqelərin yenilənməsi, hədəfin təsviri və zərərin qiymətləndirilməsi kimi məsələlərdə də əsas vəzifələri yerinə yetirə bilər.

Burada yada başqa bir misal gəlir... Tutaq ki, siz əlinizdəki “Atmaca” raketi ilə hədəfi nişan aldınız. Hədəfin vurulması və ya aldığı zərər məsələsindəki qiymətlındirmə yenə mənzili bu qədər yüksək olan dənizin ortasından da havaya qalxa bilən TB-3 kimi bir platforma ilə rahatlıqla təmin edilə bilər. Bu da qərar qəbul edən şəxsə vəziyyəti yenidən qiymətləndirmək üçün faydalı məlumatlar təqdim edir.


ABŞ və İsrail ilə rəqabət içərisində

Məlumdur ki, “Baykar” uzun illər TB-3 üzərində işləyir. ABŞ və İsrail bu sahədə işlərini davam etdirən digər iki ölkədir. Burada mühüm mötərizə açmaq lazımdır. Türkiyə “Bahar qalxanı” əməliyyatında PUA-ların istifadəsi ilə bağlı bir konsepsiya sınayıb və bunda da uğur qazanıb. Daha sonra dünya Türkiyəni izləyib.

Trendi müəyyən edən ölkənin əməliyyat konsepsiyasını düzgün qurduğu halda texnoloji üstünlüyə malik olduğunu nəzərə alsaq, bəlkə də TB-3 ilə Ankara yenə çox mühüm bir hədd qarşısında dayanır...

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   TB-3   Türkiyə  


Bizi "telegram"da izləyin